Rəhbərliyin Müraciəti

Ahmet Erentok

2003-cü ildə fəaliyyətə başlayan  "AtaHolding"  Şirkətlər Qrupu ötən dövr ərzində sürətli inkişaf yolu keçərək iqtisadiyyatın müxtəlif sektorlarında fərqli şirkətlər qurmuş və Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutmuşdur. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi və eyni zamanda,  ölkənin  neft gəlirlərinin istifadəsi strategiyasının düzgün müəyyən edilməsi nəticəsində ölkədə sahibkarlığın inkişafı üçün dayanıqlı və münbit şərait yaranmışdır.

 Azərbaycanın müstəqillik əldə etməsindən 25 ilə yaxın zaman keçir. 25 il bir insanın həyatında önəmli bir müddətdir. Ölkələr və dövlətlər üçün isə, qısa müddət sayıla bilər. Azərbaycanda bu qısa müddətdə iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə çox böyük işlər görülüb və dünyada qibtə ilə yanaşılacaq böyük nailiyyətlər və uğurlar əldə edilib. Bu uğurlar biz Azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, qürurlandırmaqla yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir və imkan yaradır.

Azərbaycan iqtisadiyyatının yaşadığımız əsrin ilk onilliyində nümayiş etdirdiyi iqtisadi artım dünya iqtisadi tarixində özünəməxsus yeri tutacağı şübhəsizdir. Sürətli artım templərindən sonra müşahidə olunan nisbi yavaşlama dövründə də ölkə iqtisadiyyatının artım tempi region və dünya dövlətlərinin analoji göstəriciləri ilə müqayisədə yenə də dəfələrlə yüksəkdir. Sözsüz ki, bu, aparılan düzgün iqtisadi siyasətin nəticəsidir.

 "AtaHolding"  Şirkətlər Qrupu da Azərbaycanın aparıcı şirkətlərindən biri olaraq, ölkəmizin iqtisadi inkişaf və əhalinin rifah səviyyəsinin yüksəldilməsində üzərinə düşən məsuliyyəti aydın surətdə dərk edir. Dünya təcrübəsi göstərir ki, ölkələrin iqtisadi inkişafının təmin edilməsində iri iqtisadi subyektlərin, holdinq tipli şirkətlərin rolu böyükdür.

 “AtaHolding”  Şirkətlər Qrupu öz fəaliyyətini “Sinerji konsepsiyası” adlanan xüsusi konsepsiya əsasında həyata keçirir. Bu konsepsiyaya görə, müəssisələrin elə bir birləşməsi həyata keçirilir ki, bu birləşmə nəticəsində alınan mənfəət həmin müəssisələrin bir-birlərindən ayrı olaraq fəaliyyət göstərəcəkləri halda alacaqları mənfəətdən qat-qat artıq olur. Biz də elə bir birləşmə həyata keçiririk ki, bundan həm özümüz daha çox mənfəət əldə edir, həm də cəmiyyətimizə daha çox gəlir veririk.

Biz də “AtaHolding” Şirkətlər Qrupu olaraq yarandığımız dövrdən keçən 13 ilə yaxın müddət ərzində vizyonumuza, missiyamıza və dəyərlərimizə əsaslanaraq gördüyümüz işlərlə fəqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəmizi verməyə çalışmışıq. Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq.

Bizim bütün törəmə strukturlarımızda korporativ idarəetmə, ən yeni texnologiyalar və keyfiyyətin müasir standartları tətbiq olunur. Bütövlükdə, biz yerli bazarın bütün sahələrində innovasiya texnologiyalarından istifadə etməyə, onu hər yerdə tətbiq etməyə çalışırıq.

 “AtaHolding” öz fəaliyyətində korporativ sosial məsuliyyət (KSM) layihələrinə də önəmli yer verməkdədir. Bizim KSM fəaliyyətimizdə idmanın, xüsusilə də milli idman növlərinin dəstəklənməsi xüsusi yer tutur. Hazırda “AtaHolding”  Beynəlxalq Güləş Federasiyasının baş sponsorudur. Holdinqimizin idman klubu olan “AtaSport”  klubunu təmsil edən idmançılar güləş və digər idman növləri üzrə çoxsaylı nailiyyətlərə imza atmış, olimpiya oyunlarından, dünya və Avropa çempionatlarından qızıl medallarla və digər mükafatlarla qayıtmışlar. “AtaSport” klubunun idmançıları  qazandıqları mükafatlarla xalqımıza sevinc bəxş edirlər.

Əldə etdiyimiz nəticələrdən cəsarətlə qarşıdakı illərdə işlərimizi daha da böyütmək, mənfəətliliyimizi artırmaq, üzərimizə düşən sosial məsuliyyətləri artıqlaması ilə yerinə yetirmək niyyətindəyik. Bununla da, “AtaHolding”  Şirkətlər Qrupu “Sinerji, Azərbaycan üçün...” şüarını əsas götürərək ölkə iqtisadiyyatındakı lider rolunu daha da gücləndirəcək, beynəlxalq bir Azərbaycan şirkəti olaraq inamlı addımlar ilə irəliləyəcəkdir.

Qeyd etməliyəm ki, “AtaHolding” Şirkətlər Qrupu səhmdarları və müştəriləri ilə birlikdə şəffaflıq prinsipinə əsaslanaraq, istehsal etdiyi məhsul və göstərdiyi xidmətlərdə kəmiyyəti deyil, keyfiyyəti əsas tutaraq işləmişdir. Bütün bu proseslərin mərkəzində bizim üçün hər zaman insan dayanmışdır və insan faktoru bizim üçün amil olmuşdur. Fəxrlə deyə bilərəm ki, buna görə də biz bütün bu illər ərzində qarşılıqlı hörmət, inam və komanda ruhu şəraitində çalışmışıq.

Buna görə də “AtaHolding” Şirkətlər Qrupunun bu səviyyəyə gəlməsində və müvəffəqiyyətli nəticələr əldə etməsində çox önəmli iştirakları olan müştərilərimizə, səhmdarlarımıza, idarəçilərimizə və çalışanlarımıza dərindən təşəkkür edir, birlikdə yeni nailiyyətlərə imza atacağımıza əminliyimi bildirirəm.

 

 

Ahmet Erentok
Müşahidə Şurasının Sədri

 

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...